27 noyabr 2017 ci il tarixində" Park Inn by Radisson" otelində Anadolu Universiteti Azərbaycan Proqramlarının Yeni dərs ilinin açılışı münasibətilə təntənəli tədbiri keçirilmişdir. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Nümayəndəsi Ufuk Turganer, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Prof. Dr. Ziyad Səmədzadə, Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin Azərbaycandakı Təhsil Müşaviri Abdulgafur Büyükfırat, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, ATİB İH-nin sədri Cemal Yangın, UNEC-in Türk Dünyası İşlətmə fakültəsinin dekanı Prof. Dr. Ferruh Tuzcuoğlu, Distant təhsil üzrə ekspert Doç. Dr. İlham Əhmədov, ATİB İH-nin üzvləri, tələbələr, valideynlər, TRT, Lider televiziyaları olmaqla digər KİV nümayəndələri iştirak etmişdir. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlandı və Anadolu Dövlət Universitetinin fəaliyyətini əks etdirən film nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq bu il tələbə adını qazananları təbrik etmiş, həmçinin bütün tələblərə yeni dərs ilində uğurlar diləmişdir. Koordinator, öz çıxışında distant təhsil, distant təhsilin üstünlüklərindən bəhs edərək, Anadolu Universitetinin Türkiyədə, Azərbaycanda və dünyanın müxtəlif ölkələrdəki fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Daha sonra Koordinator Azər Hətəmov sözü, Türkiyədən canlı videokonfrans bağlantısı ilə Azərbaycandakı tələbələri ilə görüşə gələn Anadolu Universiteti rektoru Prof.Dr. Naci Gündoğana vermişdir. Rektor Naci Gündoğan: “Azərbaycan bizim üçün böyük önəm kəsb edən bir ölkədir və artıq 7 ildir ki, bizə dost və qardaş olan bu ölkənin vətəndaşlarına yüksək təhsil vermək missiyasını uğurla yerinə yetiririk. Dünyanın 20-ə yaxın ölkəsinə distant təhsil verən AU artıq ABŞ, Kanada, Səudiyyə Ərəbistanı kimi ölkələrdə də fəaliyyətə başlamışdır.” Daha sonra rektor Gündoğan yeni dərs ilinin açılışı ilə əlaqədar tələbələri təbrik etmiş və onlara təhsillərində uğurlar arzulamışdır. Anadolu Universitetinin tərəfdaşı olan ATİB İH-nin sədri Cemal Yangın öz çıxışında ötən 7 ilə nəzər salaraq dedi ki, hər iki ölkə tərəfindən dəstək alan bu layihənin Azərbaycanda reallaşması gündən-günə inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Məqsəd əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlamaqdan ibarətdir. Bu cür təhsil forması gənclərə təcrübə ilə təhsili birləşdirərək eyni vaxtda oxumağa və işləməyə imkan yaradır. Biz bundan sonra da əlimizdən gələn köməyi etməyə hazırıq. Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Prof. Dr. Ziyad Səmədzadə öz çıxışında Azərbaycan və Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq edildiyini diqqətə çatdıraraq, Anadolu Universitetinin Azərbaycandakı bu layihəsinə böyük önəm verdiyini bildirdi. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral Anadolu Universitetinin qardaş Azərbaycandakı bu layihəsini əhəmiyyətli hesab etdiyini qeyd edərək, bundan sonra da layihənin inkişafı üçün zəruri dəstəklər göstəriləcəyini bildirdi. Səfir Anadolu Universiteti “Azərbaycan Proqramları”nın kollektivinə, Anadolu Universitetinin rəhbərliyinə, bu işdə əməyi keçən aidiyyatı qurumların əməkdaşlarına minnətdarlığını bildirərək bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Nümayəndəsi Ufuk Turganer, Distant təhsil üzrə ekspert Doç. Dr. İlham Əhmədov çıxış edərək tələbələri təbrik etmiş və onlara dərslərində müvəffəqiyyətlər arzuladılar. Tədbirin sonunda Koordinator Azər Hətəmov tələbə və valideynləri maraqlandıran sualları cavablandırdı. Tədbir bədii hissə ilə başa çatdı.
Comments