3 aprel 2015-ci ildə Azərbaycan Universiteti ilə Azərbaycan-Türkiyə İşadamları Birliyi (ATİB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən, rəqabətyönümlü mütəxəssislərin hazırlanması üçün imkan və şərait yaratmağa istiqamətlənib. Əməkdaşlıq müqaviləsinin imza mərasimində çıxış edən rektor Fərid Əhmədov tədbirdə iştirak edən tələbələrə müraciət edib. Rektor gəncləri cəmiyyətin rifah və inkişafına təmənnasız xidmət göstərən insanlardan nümunə götürməyə, biznes bilik və vərdişlərinin artırılması və təkmilləşdirlməsi istiqamətində universitetdə görülən işlərdən maksimum faydalanmağa səsləyib. ATİB İdarə heyətinin sədri Cemal Yangın biznes mütəxəssisləri yetişdirən ali təhsil müəssisəsində olmaqdan məmnunluğunu dilə gətirib: “Təmsil etdiyim qurum universitetlərlə işbirliyində maraqlıdır. Biz təcrübələrimizi sizlərlə paylaşmağa hər zaman hazırıq. Universitetdə əldə etdiyiniz nəzəri biliklərin praktikaya ən səmərəli şəkildə tətbiq edilməsi üçün bütün şirkətlərimiz sizlərin istehsalat təcrübəsinə açıqdır”. Tədbirdə ATİB İdarə heyətinin sədr müavini Cem Becel, idarə heyətinin üzvü Rafiq Qarayev çıxış edərək, nəzəriyə ilə praktikanın vəhdətinin əhəmiyyətindən bəhs edib. Çıxışlarda ən səmərəli və vacib investisiyanın təhsilə və insan kapitalına qoyulan investisiya olduğu vurğulanıb. Tədbirdə ATİB idarə heyətinin üzvləri Aydın Məmmədov, Ali Gümüş, Kaya Karslı, Prof. Dr. Fariz Əmirov iştirak edib. İki qurum arsındakı qarşlılıqlı əməkdaşlıq kadr hazırlığı, birgə elmi simpozium, forum və konfransların təşkili, monoqrafiya, dərslik, dərs vəsaiti və metodiki tövsiyələrin hazırlanması, mütəxəssis hazırlığına dəstək verilməsi, tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi, tələbələrin istehsalat təcrübəsi keçməsi və məzunların işlə təmin edilməsinə kömək göstərilməsi, AU-nun innovativ Biznes İnkubatoru ilə birgə layihələr (startuplar) təşkil edilməsi, elm-təhsil sahəsində müxtəlif layihələrin həyata keçirilməsi kimi sahələri əhatə edəcək. Müqavilə ilə həmçinin birliyə daxil olan şirkətlərdə çalışan mütəxəssis və əməkdaşların peşə-ixtisas səviyyələrinin artırılması məqsədiylə Universitetdə fəaliyyət göstərən kurslarda iştirakı, birliyin öz maliyyə imkanları nisbətində obyektiv meyarlarala seçilən tələbələr üçün adlı təqaüdlər verilməsi, onların elmi-tədqiqat işlərinə xüsusi qrant və vəsaitlər ayrılması da nəzərdə tutulur.
Comments