Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə təşkil edilən səfərin məqsədi bu ölkənin təhsil sistemində informasiya texnologiyaları, təhsil sənədlərinin tanınması, strateji planlaşdırma, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə təcrübənin öyrənilməsi barədə fikir mübadiləsi aparmaq olub.
Səfərin ilk günü Türkiyənin təhsil nazirinin müavini Mustafa Safran ilə görüş keçirilib. Sonra səfər çərçivəsində Türkiyə Təhsil Nazirliyi və Ali Təhsil Şurasında bir sıra görüşlər təşkil edilib. Görüşlərdə Türkiyənin təhsil sistemində tətbiq olunan elektron idarəetmə sistemləri, tədris haqqında məlumatların toplanılması və təhlili, vətəndaş müraciətlərinin qəbulu və təhsilverənlər üçün ixtisasartırma xidmətləri mövzularında təqdimatlar keçirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Təhsil Nazirliyinin nümayəndə heyətinə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, nazirliyin statistika və təhlil sektorunun müdiri Elvin Nəsibov, hesabatvermə və icraya nəzarət sektorunun müdiri vəzifəsini icra edən Yaşar Zeynalov, Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova daxil olub.
Mənbə : https://azertag.az/xeber/Azerbaycan_ile_Turkiye_arasinda_tehsil_sahesinde_emekdasligin_perspektivleri_muzakire_edilib-1207336
Comments