Universitetdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə UNEC ilə Türk Dünyası Araşdırmaları Vəqfi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. UNEC-in rektoru, professor Ədalət Muradov və Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazganın imzaladığı sənəddə türk dilində tədrisin təkmilləşdirilməsi və türkdilli iqtisadçı kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub.
Müqaviləyə əsasən, yeni tədris ilindən UNEC-də türk dilində tədris proqramları digər fakültələrdə olduğu kimi, Avropa Kredit Transfer Sisteminə uyğun aparılacaq. Bu, tələbələrin mobilliyini təmin etməklə yanaşı, təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdıracaq. Türk dünyası işlətmə fakültəsi isə türk dünyası iqtisad fakültəsi adlandırılacaq. K.Yazgan fakültənin fəxri dekanı hesab ediləcək.
UNEC-də tələbələrin türk dilində fənləri daha yaxşı mənimsəməsi üçün Yunus Əmrə İnstitutu tərəfindən türk dilində hazırlıq dərsləri təşkil olunacaq. Tədrisə türk dilini mükəmməl bilən, fənnə uyğun ixtisas və təcrübəyə sahib olan müəllimlər cəlb olunacaq.
Universitetə türk dilində maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi ixtisasları üzrə tələbə qəbulu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçiriləcək. Türkiyə vətəndaşları üçün UNEC-də ali təhsilin əlçatan olması məqsədilə onların təhsil haqları azərbaycanlı tələbələrlə eyni olacaq.
Məzunlara UNEC-in diplomu ilə yanaşı, Türk Dünyası Araşdırmaları Vəqfinin məzun sənədi də veriləcək.
Comments