Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Türkiyənin Anadolu Universitetinin rektoru Davut Aydın ilə görüşüb

1 may 2013-cü il tarixdə millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Türkiyənin Anadolu Universitetinin rektoru, professor Davut Aydın və onu müşayiət edən rektorun müavini, professor Naci Gündoğan ilə görüşüb. Görüşdə Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov və Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri Cemal Yangın da iştirak ediblər.
Görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydını və rektorun müavini, professor Naci Gündoğanı  Bakıda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə daha da genişlənməsini vurğulayıb. Millət vəkili Q. Paşayeva Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyini qeyd edib və Türkiyənin ən böyük universiteti olan və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Anadolu Universitetinin Azərbaycandakı fəaliyyətinin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki ölkənin orta və ali məktəblərində ortaq türk tarixinin, mədəniyyətinin tədrisinin vacibliyini də qeyd edib.
Azərbaycanla əməkdaşlığa və Azərbaycandakı fəaliyyətlərini daha da genişləndirməyə xüsusi önəm verdiklərini deyən Anadolu Universitetinin rektoru, professor Davut Aydın Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib. Azərbaycan və Türkiyənin ümummilli lider H. Əliyevin dediyi kimi “bir millət iki dövlət” olduğunu vurğulayan rektor H. Əliyevin 90 illiyi yubileyi ərəfəsində Eskişehirdə Anadolu Universitetində türk dünyasının böyük lideri H. Əliyevin adını daşıyacaq “Məlumat və Araşdırma Mərkəzi” nin açılacağını və insanların, gənclərin istifadəsinə veriləcəyini vurğulayıb və millət vəkili Qənirə Paşayevanı da bununla bağlı tədbirə dəvət edib.
Dəvət üçün Anadolu Universitetinin rektoru Davut Aydına təşəkkür edən millət vəkili Q. Paşayeva Anadolu Universitetinin Azərbaycana xüsusi münasibətinin məmnuniyyətverici olduğunu deyib və universitetin Azərbaycanla əməkdaşlığının daha da genişlənməsinin millətimiz və iki qardaş dövlət üçün də önəmli olduğunu qeyd edib. O, Anadolu Universitetinin yaxın günlərdə açılışı edəcəyi ümummilli lider H. Əliyev adına “Məlumat və araşdırma Mərkəzi” nin də dövlətlərimiz, millətimiz və xüsusilə böyüyən gənclik üçün gözəl işlər görəcəyinə inandığını deyib və belə bir mərkəzi yaratdıqları üçün Anadolu Universitetinin rektoru Davut Aydına və universitetin kollektivinə təşəkkürünü bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeydiyyat

 


×
E-Sertifika Üzrə Qeydiyyat

 


×